Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koştanın 2026-cı il 11 mart tarixli birgə mətbuat bəyanatı Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələyə qədəm qoyulması kimi dəyərləndirilib. Bəyanatda eyni zamanda çoxşaxəli əməkdaşlıq perspektivləri birgə əməkdaşlıqlar müzakirə olunmaqla perspektivlərə diqqət çəkilib.
Sual olunur: Müdafiə və təhlükəsizlik, rəqəmsal transformasiya və innovasiya, eləcə də ticarət və investisiya sahəsində yeni razılaşmaların imzalanması sahəsində hansı gözləntilər var.
Bu istiqamətdə Hafta.az-a açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costa-nın Azərbaycana səfəri və səfər çərçivəsində səsləndirilən birgə bəyanatlar Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Deputat hesab edir ki, bu səfər eyni zamanda Azərbaycanın regionda artan geosiyasi rolunun və beynəlxalq mövqeyinin bir daha təsdiqi kimi qiymətləndirilə bilər.
V.Bayramov qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır. Tərəflər arasında iqtisadi, ticarət və investisiya sahələrində çoxşaxəli əməkdaşlıq mövcuddur. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycanın ixrac strukturunda Aİ ölkələrinin payı əhəmiyyətli yer tutur.
“Son illər bu göstərici daha da artmış və 2025-ci ildə təxminən 75 faizə yaxınlaşmışdır. Xüsusilə İtalya Azərbaycanın Avropa İttifaqına ixracında aparıcı mövqedədir və təkcə bu ölkə Azərbaycan ixracının təxminən dörddə birini qəbul edir. Bu faktlar göstərir ki, Azərbaycan ilə Aİ ölkələri arasında iqtisadi və ticarət əlaqələri yüksək səviyyədə inkişaf edib. Son səfər və aparılan müzakirələr isə bu əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Xüsusilə sənaye, enerji, nəqliyyat, rəqəmsal transformasiya və innovasiya sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunur. Bu isə Azərbaycan ilə Aİ arasında strateji, siyasi və iqtisadi əlaqələrin daha da güclənməsinə xidmət edir”, - deputat deyib.
Deputat vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfə verən əsas aktorlardan biri kimi çıxış edir. Ermənistanla münasibətlərin normallaşması və sülh gündəliyinin irəliləməsi regionda yeni əməkdaşlıq imkanları yaradır. Bu kontekstdə Azərbaycanın sülh təşəbbüsləri və regionda yaratdığı yeni reallıqlar beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qiymətləndirilir.
Deputat hesab edir ki, rəqəmsal transformasiya və innovasiya sahəsi də Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq yeni texnologiyaların tətbiqi, innovativ layihələrin həyata keçirilməsi və iqtisadiyyatın modernləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Ümumilikdə, son səfər və aparılan müzakirələr göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq yalnız mövcud səviyyədə qalmaqla məhdudlaşmayacaq, əksinə daha da genişlənəcək. Ticarət və investisiya əlaqələrinin artması, yeni layihələrin həyata keçirilməsi və iqtisadi mühitə olan inamın güclənməsi Azərbaycanın iqtisadi inkişafına əlavə təkan verə bilər”.
Tahirə Qafarlı